Sultan Ehmed Şah Qacar

"مقصد از خلع احمدشاه نه اينكه تبديل اصول اداره نظامى به جمهوريت بود. نه٫ نه بالله- بلكه تعويض طائفه قولدورآساى قاجاريان تركى به سلاله طاهره نجيب پهلوى فارسى بود."

Wednesday, June 27, 2007


Azərbaycan Milli Demokratik Hərəkatını fars faşistlərinin fitnəsindən qoruyaq!

Məşrutə hərəkatının təcrübələrindən!

Məşrutə hərəkatının barıtını dolduranların məqsədi Türk Qacar sülaləsini devirib farsları hakimiyyətə gətirmək idi. Fars, Rus və İngilis fitnəsi ilə alovlanan bu “ inqilab” Türk sülalələrinin 1000 illik hakimiyyətinə son qoydu və Azərbaycan millətini farsların əlində əsir etdi.
-------------------------
Azərbaycan millətinin keçən 100 ildə apardığı mübarizəsinin nəticəsiz qalması və bir-birinin ardınca yenilməsinin səbəbi nədir? Bu yenilmə sürəci nə vaxta qədər davam edəcək? Hərəkatımızı qələbəyə doğru aparan yol hansıdır ?

Bu günə qədər xəyallarımızda canlandırdığımız qəhrəmanlıq obrazlarının kölgəsində mürgülədiyimizə görə, bu sualların həqiqi cavabını axtarmamışıq və nəticədə bu sualların hamısı cavabsız qalıb. Tariximizdə yol verdiyimiz səhvlərin nədən ibarət olduğunu müzakirə etməmişik və nəticə çıxartmamışıq. Misal üçün, məşrutə deyib bağırdıq və ara-sıra onunla fəxr etdik, amma fikirləşmədik ki, nə idi bu məşrutə hərəkatı və nəticəsi nə oldu. Bu hərəkat Azərbaycan millətinə nə verdi ? Bəlkə, elə bütün məğlubiyyətlərin kökü oradan başlanır. Bu hərəkatın nəzəriyyəsi və fəlsəfəsi nədən ibarət idi ? Bu hərəkatı kim başladı və kimə qarşı başladı?

Suallar çox olsa da, bu hərəkatın nəticələrindən olan bir məsələni vurğulamaq istərdim, o da bundan ibarətdir ki, məşrutə hərəkatında Qacarları özümüz devirdik və hakimiyyəti farslara təhvil verdik, bizim qələbəmiz bundan ibarət idi.

Bu “ qələbə “ Azərbaycan millətinə zərbə vurmaq üçün fürsət axtaranların hakimiyyətə gəlməsinə şərait yaratdı. Azərbaycan millətinə zərbə vuraraq türkləri hakimiyyətdən uzaqlaşdırmağı bir-birinə nəsildən-nəslə vəsiyyət edən Qəvamussəltənənin ulu babası Mirzə Məhəmməd Qəvamüddövlə, atası Mirzə İbrahim Mötəmiddövlə və böuük qardaşı Mirzə Həsən Vsuqoddövlə və nəhayət dördüncü nəsil Əhməd Qəvamussəltənəyə tapşırılmışdı. Məşrutə Inqilabı fars tayfa başçılarının vəsiyyətinin həyata keçməsinə imkan yaratdı. Beləliklə, Qəvamın ulu babasının vəsiyyəti həyata keçdi.

Seyid Ziyanın hərbi çevrilişindən sonra Qəvamussəltənə zindandaikən, baş nazir təyin olunur. Zindandan birbaşa Fərəh Abada Əhməd Şahın qəbuluna gedir və Əhməd Şaha deyir : “ Mənə lazımı səlahiyyətlər verin ara qarışdıranların kökünü kəsim “.

Əhməd şah Qəvamın cavabında deyir : “ Çox danışma, sizin ağınıza da lənət, qaranıza da “. (Ağdan mənzuru Qəvaüssəltənə, qaradan isə Seyid Ziya idi ).

Əhməd şah Qəvamussəltənin geniş səlahiyyət istəməsinin mənasını başa düşsə də, əlindən lənətləməkdən başqa bir iş gəlmirdi. Çünki arxası boş idi. Türklər Məşrutə hərəkatında bir-birinə qarşı döyüşmüş və gücdən düşmüşdülər. Türklərin zəif düşməsi nəticəsində baş qaldırmış farslar artıq şahdan geniş səlahiyyət tələb edirdilər.

Düzdür, Qacar hakimiyyəti Şahlıq üsul-idarəsi üzərində qurulmuşdu və ölkədə ictimai ədalətsizlik hökm sürürdü, lakin nəzərə alsaq ki, Qacarları devirən məşrutəçilərin də icrası mümkün olan heç bir sosial-siyasi islahat proqramı yox idi, onda Qacarlara qarşı qaldırılan qiyamın nə məqsəd daşıdığı haqda yenidən düşünmək lazımdır.

Qacarlar devrilsə də, Şahlıq üsul-idarəsi və ölkədə hökm sürən siyasi və ictimai sistem dəyişmədi və dəyişə də bilməzdi, ona görə ki, məşrutəçilərin hay-küyünə baxmayaraq, toplumu tərəqqiyə doğru aparacaq heç bir iqtisadi, ictimai islahat proqramları və siyasi alternativləri yox idi.

Məşrutə hərəkatının barıtını dolduranların məqsədi Türk Qacar sülaləsini devirib farsları hakimiyyətə gətirmək idi. Fars, Rus və İngilis fitnəsi ilə alovlanan bu “ inqilab” Türk sülalələrinin 1000 illik hakimiyyətinə son qoydu və Azərbaycan millətini farsların əlində əsir etdi.

Bu haqda Azərbaycanın dövrü mətbuatında, o sıradan Molla Nəsrəddin qəzetində yazılar da çap olunub. Molla Nəsrəddin qəzeti bir sayının başlığında yazırdı : ” Deməli məqsəd Qacarları devirməkmiş “ .

Fitnəkarların məqsədini başa düşməyən hərəkatçı məşrutəçilər öz əlimizlə özümüzə hələ də çıxa bilmədiyimiz quyu qazdı. Məşrutə fitnəsini o qədər məharətlə işləmişlər ki, 100 il keçəndən sonrada bu sözləri deyəndə çoxlarına baş gicəllənməsi gətirir.

Bu günə qədər Məşrutə “ fitnəsi “ haqda yazılanlar sadəcə hadisələrin ardıcıllıqla təsviri və subyektiv xarakter daşıyan qəhrəmanlıq dastanlarıdır. Bu hərəkat mahiyyət etibarı ilə təhlil olunmamış və siyasi cəhətdən qiymətləndirilməmişdir. Qısaca onu deyim ki, məşrutəçilərin istəkləri Azərbaycan toplumunun gerçəkliklərini əks etdirmir və reallıq üzərində qurulmamışdı. Heç bir siyasi nəzəriyyə və yerli proqramları yox idi. Məşrutəçilərin irəli sürdüyü fikirlər İranın və Azərbaycanın yerli şəraiti ilə uzlaşmayan Avropa yazılarından köçürülmüşdü. Ona görə də yaratdıqları parlament Paris Komunun xatırladırdı və parlamentdən çox həmkarlar birliyinə oxşayırdı.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Rusiyada çeşidli adlarla çalışan terrorcu qruplar, o sıradan Bakuninin tərəfdarları, Stalinin silahdaşları və başqa anarxist qruplar inqilabçı adı ilə Azərbaycana toplaşdı. Təbriz məhəllə qoçularının Qafqaz bomba atanları ilə əlbirliyi, Təbrizi dövlətçiliyimizə qarşı vuruşan təxribatçıların fitnə yuvasına çevirdi. Ayətulla Mazandəranidən tutmuş Heydər Əmoğlu kimi anarxistləri birləşdirən bu hərəkatın mahiyyəti onun mahiyyətsizliyindədir.

Məşrutə inqilabı qalib gələndən sonra Mazəndəranlı Məhəmməd Vəlixan ( Supəhdar ) Sədrəzəm oldu. Məşrutəçilərdən və onun tərəfdarlarından soruşmaq lazımdır azərbaycanlılar bunun üçünmü döyüşürdü və şəhid olurdu ?

Nəzərə alsaq ki, Səttar Xan məhz , Məşrutə hərəkatı qalib gələndən sonra vuruldu, onda bu qalibiyyətin nə demək olduğu aydınlaşar.

Dizindən yaralanmış Səttar Xan xəstəxanada olarkən iç işlər vəziri Qəvam Səttar Xanın görüşünə gedir. Qəvam Səttar Xandan ayrılarkən onun qulağına deyir : “Ağaye Səttar Xan elə bilirdin ki, mən də Məmmədəli Şaham “. Səttar Xan deyir ki, “ ömrümdə bundan ağır söz eşitməmişdim “.

Amma artıq gec idi. Ona görə ki, Məşrutə “ qalib “ gəlmişdi. Qacar Şahı ölkəni tərk etmişdi. Mazandəranlı Süpəhbud Sədrəzəm olmuşdu. Daha nə Səttar Xana və nə də onun mücahidlərinə ehtiyac yox idi. Səttarxanın Qafqazlı mücahidləri acından ölür və artıq Təbrizdə dilənçilik edirdilər. Səhv siyasət yürüdənlərin taleyi belə olur. Bu Azərbaycanın qələbəsi yox, fəlakəti idi. Bu fəlakətin kökünü hərbi məğlubiyyətdə deyil, yürüdülən səhv siyasətdə axtarmaq lazımdır.

Fitnə adlandırdığım bu hərəkatın nəticəsi Azərbaycan üçün çox acınacaqlı oldu. Azərbaycan millətinin minillik hakimiyyətinə son qoydu və üstəlik, Hitler faşizmi nəzəriyyəsi üzərində formalaşmış Fars faşistlərinin hakimiyyətə gəlməsinə şərait yaratdı.

Qacarların sonuncu Şahı ölkəni tərk etməyə məcbur oldu və Fars faşistlərinin uzun illərdən bəri gözlədiyi gün və fürsət yetişdi.

Bu fürsətdən istifadə edən Məhəmməd Qəvaulmulk , Şövkətülələm və başqa fars tayfa başçıları siyasi hakimiyyəti ələ keçirtmək üçün xarici qüvvələrin yardımı ilə türklərə qarşı hücuma keçdilər.

Bu gün qarşı-qarşıya dayandığımız düşmən Əhməd Qəvamussəltənə dövründən başlamış, Riza şah və Əhmədinejada qədər fitnəkar ömür sürüb, siyasi riyakarlıqda peşəkar kadrlar hazırlayıb, İslam dinin irqçi ideologiyasına örtük edib, Məhəmməd Peyğəmbərin adından hədis uydurub, bir sözlə daha fitnəkar olub.

Əhməd Qəvamdan Əhmədinijada qədər davam edən hakimiyyət, adlar və adamlar dəyişsə də mahiyyət etibarı ilə fars irqçi nəzəriyyəsi üzərində qurulan fars faşizmidir.

Bunun üçün biz İran İslam Cümhuriyyətinin mahiyyətini təhlil edəndə unutmamalıyıq ki, antitürkcülük bunların əsas göstəricilərindən biridir. Bunlar yalnız türklərin deyil, bəlkə ölkədə yaşayan və fars olmayan bütün millətlərinin barışmaz düşmənidir.

Azərbaycan millətinin çağdaş milli demokratik mübarizəsi qeyd etdiyim xüsusiyyətlərə malik, ölkənin içində və dışında birləşmiş ziddi türk, fars faşistlərinə qarşıdır. Yüzillik hakimiyyət, idarəçilik və təbliğat təcrübəsi olan düşmən güclü, təcrübəli və eyni zamanda tədbirlidir. Dövlət qurumlarını ələ keçirmiş, kifayət qədər peşəkar ziddi türk təşkilatları, kadrları və ideoloqları olan fars hökuməti ilə mübarizə etmək asan iş deyil.

Məşrutə kimi fitnə hərəkatların qəhrəmanlıq dalğasında mürgüləyərək, arxayın olmaq olmaz. Mübarizəmizin qələbəsinin qarantı düşmənin yeni fitnəkar planlarını öyrənmək və onun tələsinə düşməməkdir.

Farslar hakimiyyətə gələndən sonra fürsət düşən kimi üzərimizə yerimişlər. Ağır itkilərə məruz qaldıq, lakin dizdən düşmədik. Belə ağır bir durumda mücərrəd deyil, mükəmməl fikirləşmək lazımdır və ilk öncə ciddi nəzəri mübahisələr açmaqla yanaşı, təşkilatlanmalı və millətimizi qurtaracaq plan və proqram üzərində işləməliyik.

Bu mübarizədə sadəcə haray deyib qoçaqlıq, qəhrəmanlıq, igidlik və başqa subyektiv anlayışlarla yola çıxmaq və döyüşə getmək olmaz. İrəliyə atılan hər bir addım ölçülüb-biçilməli və istəmədiyimiz hər bir şeyin yerinə alternativimiz olmalıdır. Məşrutə dövrü səhv etdik 100 ildir altın çəkirik.

İran fars rejiminə yanaşma tərzi !

İran İslam Cümhuriyyəti adı ilə çıxış edən fars irqçilərinə iki cür yanaşma tərzi var :

İslahatçı və Devrimçi kimi ! (İnqilab )

Birinci bölməyə aid deməliyəm ki, İrana hakim rejimin mahiyyətinə varsaq, belə bir nəticəyə gələrik ki, bu rejim hər sahədə islahat etsə də, fars olmayan millətlərə özəlliklə türklərə heç nə verməyəcək. Bizdən fərqli olaraq farslar tarixi yaxşı bilir. Onlar dəfələrlə Böyük sərkərdə və Türk Şahı Ağa Məhəmməd Şah Qacarla Zəndiyyənin davasının mahiyyəti nədən ibarət olduğunu götür-qoy etmişlər. Onlar onu da bilir ki, bu gün də haqqında kitablar yazdıqları və Əmirkəbir ləqəbi verdikləri fars ünsürünün Nəsrəddin Şaha qarşı sui-qəsd cəhdində məqsədi nədən ibarət idi.

“ Tarix boyu siyasi hakimiyyət uğrunda mübarizə aparmış və yağla su kimi heç vaxt bir-birinə qarışmamış fars və Türk millətinin siyasi hakimiyyət uğrunda mübarizəsi davam edir.

Keçmişdən fərqli olaraq bu gün bu mübarizənin istiqaməti milli müstəqil dövlət qurmaq yönündə dəyişə də bilər. Bu gün bu məsələlərin tərəfimizdən daha çox dartışmasının nədəni tariximizdən xəbərsiz olmağımızdır. Bütövlüdə deməliyəm ki, tariximizi özümüz yazmamışıq. Bizim tarix fars süngüsü altında təhrif edilmiş, tərsə yozulmuş və saxtalaşdırılmışdır. Tariximizi özümüz yazmasaq və baş verənləri olduğu kimi araşdırmasaq, yol verdiyimiz səhvləri axtarıb tapmasaq yenə yeniləcəyik. Bu işlərin görülməsi çağdaş mübarizəmizdə fars rejimi ilə necə davranacağımız üçün böyük önəm daşıyır.

Farslar öz gücünü və son zərbəsini bizim tarix boyu yol verdiyimiz səhvlər üzərində toplayır və həmişə də qalib gəlir.

Çağdaş milli siyasi mübarizə hərəkatımızda çatışmayan bu işlər görülməsə islahat yolu ilə heç bir nəticə əldə etməyəcəyik.

İkinci bölüm, yəni devrim yolu ilə bu rejimi devirməyə gücümüz çatmaz. Bunun iki əsas səbəbi var.

Birinci səbəb İran rejiminin mahiyyətindən irəli gələn amildir. Belə ki, fars rejiminin güclü sosial bazası var. Əgər , Məmmədrza Şah dövründə ölkənin sərvətindən bəhrələnmək və dövlətin imkanlarını mənimsəməkdə “ 100 xanevar “ (100 ailə ) ifadəsi işlədilirdisə, İran İslam Cümhuriyyəti bu rəqəmi milyonlara çatdırmışdır. İran rejimi ölkə əhalisinin təxminən üçdə-birini müxtəlif yollarla o sıradan şəhid ailəsi, Bəsic, Pasdar və başqa sosial qruplar qismində “ imtiyazlı” ailəyə çevirmişdir. Bununla da, fars rejimləri tərəfindən bir qarın çörəyə möhtac edilən zavallı insanlar özləri də istəmədən rejimin qulluqçusuna çevrilmişlər bu rejimin varlığından asılı vəziyyətə düşmüşlər. Bu mənada, İran İslam fars rejiminin sosial bazası, Fars Pəhləvi rejiminin sosial bazasından xeyli çoxdur.

Fars rejimi farslar yaşayan bölgələrdə iş yerləri açır və əhalinin ictimai həyatını təmin edir. Fars olmayan bölgələrdə isə işsizlik və kasıbçılıq insanları rəsmi və qeyri rəsmi güc orqanlarına və kütləvi silahlı düşərgələrə sürükləyir. İran İraq savaşında azərbaycanlıların kütləvi şəkildə qırılmasının səbəbi bu idi. Bu cür eybəcər bağlarla rejimə bağlanan insanlar iki qat kölə həyatı yaşayır. Fars rejimi bu hiyləgər siyasəti ilə bir çox insanları öz tərəfinə çəkə bilmişdir.

İkinci amil yuxarıda yazdığım, Azərbaycan çağdaş milli hərəkatının çatışmayan cəhətləridir. Qeyd etdiyim kimi, 100 ilə yaxındır ki, bütün dövlət imkanlarından məhrum olmuşuq və üstəlik üzərimizə ağır basqılar və hücumlar da edilmişdir. 100 illik tariximiz belə yazılmamış və təhlil edilməmişdir. Milli dilimiz yasaq edilmiş və nəticədə milli ədəbiyyatımız formalaşmamışdır. Milli tarix və ədəbiyyat olmasa milli siyasi nəzəriyyə yaranmaz. Bütün bunlar bu gün də görüləsi iş kimi gündəmdədir. Bu işlər görülməsə hərəkatımız uğur qazanmaz.

Çağdaş milli hərəkatımızda çatışmayan amillərin hamısını sadalamasam da onu deyim ki, az işləmişik fürsətləri fota vermişik. Düzdür, burada bizdən asılı olmayan və törədilən maneələrin də rolu böyükdür, amma, dil və ədəbiyyatımızın öyrənilməsində yol verilən səhlənkarlıq ciddi nöqsandır. Quzey Azərbaycanda olan böyük dilçilik və ədəbi yaradıcılıq imkanlarından faydalanmaq imkanımız var. Yerli yaradıcılıqla yanaşı, Quzeydə yazılan şer, hekayə və romanları ərəb əlifbasına da çevirəsi olsaq bu işi görməliyik.

Millət öz kimliyini tarixində və milli ədəbiyyatında tapmalıdır. Döyüş meydanlarının qələbə yolu romanların səhifəsində varaqlanır. Əks halda, əldə edilən qələbəni saxlamaq mümkün olmaz.

Nə etməliyik ?

Ümumi xarakter daşıyan bu işlərimizlə yanaşı, mübarizəmizin gündəliyində olan ən önəmli işləri qeyd etmək istərdim :

1- Ana dilində yazmalıyıq.

Mübarizədən məqsədimiz, azad, müstəqil, sosial təminat, ölkənin maddi və mənəvi sərvətlərinə sahib çıxmaq, milli müstəqil siyasət yürüdərək millətimizin azad, xoşbəxt və sərbəst yaşaması üçün potensial imkanlarını üzə çıxartmaqdır. Bütün bunlara nail olmaq üçün öz dilimizdə düşünməli və öz dilimizdə yazmalıyıq.

Azərbaycan təşkilatları adı ilə çıxış edib farsca yazanlar milli təşkilat deyillər. Ona görə ki, yad dildə düşünüb yazanlar düşündükləri və yazdıqları dilin alternatividirlər. Lakin demokrat olduqları üçün, yad dildə də olsa bizim haqqımızı da müdafiə edirlər.

2- Azərbaycan milli demokratik hərəkatının dinc və mədəni hərəkat olduğunu vaz keçilməz prinsip kimi qəbul etməliyik.

Elan etdiyimiz bu prinsiplər mübarizəmizə başqa ad qoyanların fitnəsinə son qoyacaqdır. Və hərəkatımızı ehtimal olunan təxribat və təxribatçıların caynağından qurtaracaqdır.

Bütün təzyiq və haqsızlıqlara baxmayaraq milli hərəkatın milli, mədəni və dinc yolla davam edəcəyinə çalışmalı və bunda israrlı olmalıyıq. Mübarizəmiz ölkə və uluslar arası qanunlar çərçivəsində davam etməlidir. İstəyimizi təmin və ifadə etməyən qanunların dəyişdirilməsində də qanuni yollardan istifadə etməliyik.

3- Düşmənlərimiz tərəfindən törədilən təxribatlara qarşı ayıq olmalı və vaxtında mövqe bildirməliyik.

İslam boyalı Fars faşistləri bizi dinc mübarizə imkanlarından məhrum etmək üçün azərbaycanlılar adından təxribatlar törədəcək, sıralarımıza girib radikal şüarlarla bizi vaxtı çatmamış və mənafeyimizə uyğun olmayan tədbirlərə əl atmağa təhrik etməyə can atacaqlar. İrəli sürülən radikal şüarlar düşmən hiyləsi də ola bilər.

4- İrəli sürülən bütün şüarlara aydınlıq gətirərək düşmənin tərsə yozmalarına şərait yaradılmamalıdır.

Misal üçün “ Azərbaycan bir olsun mərkəzi Təbriz olsun “ kimi şüarlar, fars faşistləri tərəfindən tərsə yozularaq iç və dış toplumları çaşdırır. Bu şüardan məqsəd Güney Azərbaycanın parçalanmış əyalətlərinin birləşməsidir.

Məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, birləşmək parçalanmış bütün millətlər kimi Azərbaycan millətinin də haqqıdır. Amma iki Azərbaycanın birləşməsi bu gün bizim siyasi gündəliyimizdə deyil. Bir neçə qeyri siyasi ictimai qurumlardan başqa Güney Azərbaycanın heç bir siyasi təşkilatı bu məsələni öz məqsədi elan etməyib. Tək-tək adamların irəli sürdüyü şüarlar isə, şəxsi arzuların ifadəsi kimi dəyərləndirilməlidir.

5- Tariximizə obyektiv yanaşmalıyıq. Yersiz və kortəbii təəssüb tarixi həqiqətləri ört-basdır edər.

Nəzərə almalıyıq ki, tarixi şəxsiyyətlərimiz öz dövrlərinin qəhrəmanlarıdır. Onların dedikləri yaşadıqları dövrün şəraitinə uyğun deyilmişdir. Vaxtı ilə tarixi şəxsiyyətlər tərəfindən deyilmiş şüarların icrası bu gün mümkün deyil.
Qəhrəman yaradıb onun ardınca yürümək bizi qurtarmaz. Çağdaş mübarizəmizin problemlərini çağdaş nəsil özü müzakirə etməli və çıxış yolu tapmalıdır.

Tarixi şəxsiyyətlərimiz bu günün problemlərinin həlli üçün bizə hazır nüsxə yazıb getməmişlər. Bu günün öz dərdi və öz sözü var, günün sözünü, günün insanları deməlidir.

Fars rejiminin taktikası !

İran İslam Cümhuriyyəti bu günə qədər işlətdiyi dağıdıcı tədbirlərində tamamilə uğur qazanmışdır. 90-cı illər İranda “ Yeni dini təfəkkür “ , “ Tələbə “ və başqa siyasi-ictimai cərəyanlar formalaşmışdı. Bu gün bu cərəyanlardan əsər-əlamət qalmayıb. Bu cərəyanların dağıdılmasında, “ İslam “ adından danışan Rəfsəncani ilə, “ Mərdum “ (xalq ) adından danışan Xatəminin “ xidməti “ yanaşı durur.

Öncə Rəfsəncani yeni cərəyanların nəzəriyyəsini işləyən və ona başçılıq edənləri “ Qətlhaye zəncirei “ ( ardıcıl qətllər ) əməliyyatında terror etdi, sonra Xatəmi başsız qalmış cərəyana dəstək adı ilə tələbələri küçələrə çəkərək aktivləri tanıdı və son adı çəkilən cərəyanları “ mədəni “ şəkildə sıradan çıxartdı.

Bu təhlükə çağdaş Azərbaycan hərəkatını da hədələyir. Hərəkatın öncüllərini tanıyıb sıradan çıxartmaq fars rejiminin bizə qarşı tədarük gördüyü tədbirlərdən biridir. Hərəkatı on illər ərzində yetişmiş, az-çox təcrübə əldə etmiş, ölkənin iç və dış qüvvələri ilə ilişgilər qurmuş kadrlardan məhrum etmək hərəkata ciddi zərbə vura bilər.

Fars rejimi aktiv insanları tanımaq üçün mütləq tədbirlər planı hazırlayacaq hətta saxta etiraz aksiyaları da düzənləyə bilər. Fars faşistlərinin tələlərinə düşməmək üçün hər hansı işdə bütün variantlar nəzərdən keçirilməlidir.

Kəskin siyasi tədbirlərin keçirilməsi imkansız olduğu üçün, tariximizi, dilimizi və ədəbiyyatımızı öyrənilməliyik. Bunun üçün, milli ədəbi və mədəni dərnəklərin yaradılması ən ciddi “ siyasi ” tədbirdir.

Semed Niknam

2007-06-21

0 Comments:

Post a Comment

<< Home